Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası” mövzusunda elmi-praktik seminar keçirib

04.12.2017

Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev irsi: elmi-praktik seminarlar” layihəsi çərçivəsində növbəti seminar dekabrın 4-də Masallı rayonunda keçirilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirdə çıxış edərək 2014-cü ildən etibarən keçirilən elmi-praktik seminarlar layihəsi çərçivəsində bir sıra maraqlı mühazirələrin oxunduğunu, ölkəmizin tanınmış ziyalılarının, alimlərinin ümummilli lider Heydər Əliyevin zəngin fəaliyyəti haqqında danışaraq ictimaiyyəti, xüsusilə də gəncləri Ulu Öndərin xidmətləri haqqında yeni faktlarla tanış etdiklərini bildirib.
“Çox xoşdur ki, bizim bu layihə paytaxtımızdan kənarda, ilk dəfə olaraq Masallıda keçirilir. Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsi, qorunub saxlanılması, tədqiqi və hərtərəfli inkişaf etdirilməsi bölgələrdə fəaliyyət göstərən hər bir Heydər Əliyev Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil etməlidir və edir”, - deyə Anar Ələkbərov qeyd edib. Məhz Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycanın uğurla inkişaf edən ölkəyə çevrildiyini deyən Anar Ələkbərov xalqımızın milli ideya ətrafında birləşməsi, güclü milli mənəvi dəyərlər əsasında müasir dövlətin qurulması prosesinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdiyini bildirib. 
Anar Ələkbərov Heydər Əliyev irsinin tədqiqi və daha geniş auditoriyada təbliği, gənclərin tarixi keçmişinə bağlı ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 2015-ci ildən etibarən Heydər Əliyev Mərkəzi tərəfindən müxtəlif qurumların tərkibində Heydər Əliyev məktəblərinin yaradıldığını da qeyd edib. Ötən müddətdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev İdarəçilik Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi, Masallı rayonunda “ASAN Həyat” kompleksinin nəzdində Heydər Əliyev İncəsənət Məktəbi yaradılıb. O, bugünkü məşğələnin də canlı telekörpü vasitəsilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində ümumilikdə 800-dən çox iştirakçı tərəfindən izlənildiyini deyib. 
Anar Ələkbərov, həmçinin 2014-cü ildə Heydər Əliyev Mərkəzində ilk dəfə olaraq “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ümumrespublika bilik yarışının təşkil edilməsi ilə gözəl ənənənin təməlinin qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, bu günədək ardıcıl keçirilən yarışlarda iştirak edən, mövzuya maraq göstərən tələbələrin sayının ildən-ilə artması, gənclərin bu bilik müsabiqəsinə həvəs göstərməsi sevindirici haldır.
     Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə mühazirəsində Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi xidmətlərindən söz açıb. Akademikin sözlərinə görə, Heydər Əliyev qəti qərara gəlmişdi ki, respublika iqtisadiyyatının uzaq gələcəyə yönələn inkişafı elmi-texniki tərəqqini müəyyən edən sahələrin daha üstün inkişafından çox asılı olacaq. Bu strateji xətti həyata keçirmək üçün Heydər Əliyev titanik fəaliyyət göstərdi, ciddi maneələrin aradan qaldırılmasına nail oldu.

        Ziyad Səmədzadə qeyd edib ki, XX əsrin əvvəllərində, istərsə də sovet hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatında əsas rolu neft sənayesi oynayırdı. Heydər Əliyev iqtisadiyyatın maddi-texniki bazasında yaranmış geriliyin aradan qaldırılması, qeyri-neft sahələrinin üstün inkişafının təmin edilməsi üçün əsaslandırılmış təkliflər hazırladı. 1971-1975-ci illərdə respublika iqtisadiyyatına 1966-1970-ci illərdəkindən 30 faiz çox vəsait qoyuldu, 64 iri sənaye müəssisəsi istifadəyə verildi.
    Bildirilib ki, Heydər Əliyev ağır vəziyyətdə olan Azərbaycan iqtisadiyyatını dirçəltmək, bütünlükdə dövlətimizin müstəqilliyinin qorunmasını təmin etmək üçün düşünülmüş strategiya seçdi və bu strategiyada neft amilinə üstünlük verdi. Bu, yeganə çıxış yolu idi. Bu, dünya inteqrasiyasına qovuşmaq, maliyyə imkanları, demək olar ki, tükənmiş respublikaya investisiyaların cəlb edilməsi yolu idi. 1994-cü ildə Azərbaycan dünyanın böyük neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladı. “Bu, müstəqil Azərbaycan dövlətinin, onun prezidentinin tarixi uğuru idi. Bu, eyni zamanda, Azərbaycanın dünya inteqrasiyasında fəal iştirakı üçün əlverişli imkanların yaradılması idi.
    Qeyd edilib ki, Azərbaycan dövləti yaxın və uzaq gələcək üçün iqtisadi inkişaf strategiyasında aqrar sektorun daha davamlı inkişafını nəzərdə tutub. “Azərbaycan qlobal dünya böhranı dövründə səylərini ölkədə maliyyə sabitliyinin qorunmasına yönəldib” - deyən Ziyad Səmədzadə bildirib ki, Heydər Əliyevin Fərmanı ilə 2002-ci ildə təsdiq edilən “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” ölkədə sahibkarlığın inkişafına böyük təkan verdi. Son illərdə bu işlər daha sürətlə davam etdirilir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən dövlət proqramlarında müəyyənləşdirilmiş istiqamətlər: ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması, regionlarda sahibkarlığın maliyyə təminatının artırılması, istehsal resursları və kadr potensialı haqqında məlumat bazasının yaradılması, infrastrukturun inkişaf etdirilməsi, dövlət-özəl sektor münasibətlərinin inkişafı, sahibkarların hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi və sahibkarlara texniki yardımın genişləndirilməsi üzrə işlər uğurla davam etdirilir.
       Elmi-praktik seminar daha sonra iştirakçıların sualları ətrafında müzakirələrlə davam edib. Bu müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi, Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzindəki dinləyicilər də iştirak edib.

 

104.5 KB

 

162.1 KB

 

158.1 KB