Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində “22 Iyul – Milli Mətbuat və Jurnalistika Günü” ilə bağlı tədbir keçirilib.

19.07.2019

İyulun 19-da Masallı Rayon Tarix-Diyarşünasliq Muzeyində “22 İyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü” ilə bağlı “Milli mətbuatımızın tarixi səhifələri” adlı tədbir keçirilib. Tədbirdə jurnalistlər, ziyalılar, təhsil və mədəniyyət işçiləri, Masallı Regional ASAN Xidmət Mərkəzinin və İcra Hakimiyyətinin  könüllüləri və digərləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva, görkəmli jurnalist və maarifçi Həsən bəy Zərdabi ilə başlayan milli mətbuat və onun keçdiyi tarixi inkişaf mərhələləri, o cümlədən Çar Rusiyası, Azərbaycan Cümhuriyyəti, Sovet Azərbaycanı dövrlərində, eləcə də müstəqil Azərbaycan Respublikasında milli mətbuat və jurnalistika peşəsinin inkişafı haqqında söz açdı. Qeyd edildi ki, H.B.Zərdabi ilə başlayan anadilli mətbuatımız, sonralar “Kəşkül”, “Şərqi-Rus”, “Ziya”, “Ziya-i Qafqaziyyə” və digərləri ilə davam etdirildi. İlk milli mətbu orqanlarımızın tarixi missiyası şübhəsiz ki, maarifçilik idi. Sözügedən qəzetlərin ətrafında başda H. B. Zərdabi, C. Məmmədquluzadə, M. Ə. Sabir və başqaları olmaqla dövrün tanınmış ədəbi və ictimai-siyasi xadimləri toplaşmışdılar. Fəaliyyətlərinin əsas qayəsi kimi doğma xalqını işıqlı, savadlı, hər cür nadanlıq və cəhalətdən uzaq görməyi arzulayan ədəbi-ictimai xadimlər, xalqı maarifləndirməyin başlıca üsulunu mətbuat səhifələrində yazmaqda, xalqı bu üsulla oxumağa, maarifə dəvət etməkdə görürdülər.

Masallı Ağsaqqalları Şurasının sədri Ələşrəf Niftiyev jurnalistika peşəsinin vəzifələri və fəaliyyət metodlarından, həmçinin keçmiş jurnalist kimi şəxsi təcrübəsindən söz açdı. Vurğulandı ki, son illər sosial şəbəkələr və digər müasir məlumat vasitələri aktuallığını qoruyub saxlayır. Xüsusilə, Masallı rayonunda mətbuatın yaşadılması və inkişafında rayon rəhbərliyinin rolu böyükdür. Məhz, rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dəstəyi nəticəsində yerli mətbuat yaşayır, insanlarımıza xəbər ötürməyə, maarifləndirməyə davam edir.

“Yeni Həyat” qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov əvvəlcə milli mətbuat və jurnalistika günü münasibətilə bütün həmkarlarını, qələm dostlarını təbrik etdi. O, çıxışında milli mətbuatımızın mövcud problemlərindən və qazanılan uğurlardan danışdı. Ə. Şükürov son illərdə oxumağa marağın xeyli azaldığını, gənclərin daha çox müasir məlumat vasitələrinə meyl göstərdiyini dedi. Bununla belə, çap məlumat vasitələrinin, o cümlədən qəzetlərin daha uzunömürlü olduğunu, məlumatların elektron vasitələrdə olduğu kimi itmək, silinmək ehtimalının olmadığını diqqətə çatdırdı. Eyni zamanda təmsil etdiyi qəzetin tarixindən və əldə etdiyi nailiyyətlərdən də danışdı.

“Yeni Həyat” qəzetinin məsul katibi Həsənağa Əliyev Masallı rayonunun mətbuat tarixi, rayonda bir zamanlar fəaliyyət göstərmiş mətbuat orqanları, jurnalistlər haqqında çıxış etdi. Bildirdi ki, rayonun ən uzunömürlü qəzeti bu gün “Yeni Həyat” adı ilə nəşr edilən qəzetdir. 1932-ci illərdən bu günə qədər müxtəlif adlar altında nəşr edilən qəzet, bir çox çətinliklərə sinə gərib, bir sıra mükafatlara layiq görülüb. Bütün çətinliklərə baxmayaraq qəzet bu gün də nəşr edilir, oxucuları xəbər və maraqlı məlumatlarla təmin etməyə çalışır.

Şair və publisist Xanəli Tolış mətbuatla bağlı gənclik xatirələrindən, mətbuat və rayondakı hazırkı ədəbi mühit və prosesdən söz açdı. O, gənc jurnalist və ədibləri mətbuatla işləməyə çağırdı. 2 nömrəli Regional “Mətbuat Yayım” İdarəsinin rəisi Əbülfəz Nuriyev də mətbuatla bağlı xatırələrini tədbir iştirakçıları ilə bölüşdü. Bildirdi ki, hazırda Masallı rayonunda mətbuatın inkişafı üçün əlverişli şərait və imkanlar vardır.Tədbirin sonunda xatirə şəkili çəkdirildi.

 

79.4 KB

 

11.9 KB

 

14.8 KB