Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Mədəniyyət Mərkəzinin folklor musiqi və rəqs kollektivi “Milli Yaylaq Festivalı”nda çıxış edib.

26.07.2019

İyulun 26-da Azərbaycanda yaylaq və elat ənənələrini yaşatmaq və təbliğ etmək məqsədilə ilk dəfə keçirilən “Milli Yaylaq Festivalı” öz işinə başlayıb. Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağında keçirilən festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavd Xan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyasi və Dünya Etno-idman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilir. Festivalda dövlət və hökumət nümayəndələri və digər rəsmi şəxslər, festivalın təşkilatçı və tərəfdaş qurumlarının rəhbər şəxsləri, diplomatlar, çox saylı xarici turistlər, o cümlədən bir sıra türkdilli dövlətlərdən təşrif buyurmuş qonaqlar, yerli sakinlər və digərləri iştirak edir.

Festivalın açılış mərasimində çıxış edən dövlət və hökumət nümayəndələri, festivalın təşkilatçı və tərəfdaşı olduğu qurumların rəhbərləri, Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsindən, böyük tarixi dövr ərzində formalaşmış yaylaq və elat ənənələrinin qorunub saxlanılmasının əhəmiyyətindən söz açıblar. Bununla yanaşı, qeyd olunub ki, festivalın bu regionda keçirilməsi, bölgədə turizmin inkişafına da təkan verəcəkdir.

Çıxışlardan sonra, festival bədii hissə ilə davam etdirildi. Respublikanin tanınmış incəsənət ustaları, aşıq və folklor kollektivlərinin çıxışları ilə yanaşı, N. Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin “Halay” folklor musiqi və rəqs ansanblının rəngarəng çıxışları festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Daha sonra festival iştirakçıları “Milli Yaylaq Festivalı”nın adət-ənənələri ilə tanış olub, milli idman növlərinə tamaşa ediblər. Qeyd edək ki, festival şərti olaraq 3 hissədən – mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları və eko-etnoturizm adlı hissələrdən ibarətdir. Hər hissədə müvafiq olaraq, milli rəqslər, xalq mahnıları, xalq tamaşaları, qədim xalq oyunları, milli güləş yarışı, çoban güləşi, at yarışları, qədim oxçuluq ənənələri və oxatma bacarığı, ənənəvi yaylaq yemək çeşidləri və s. təqdim ediləcəkdir.

Qeyd edək ki, festivala iyulun 28-də yekun vurulacaq.

 

35.3 KB

 

33.4 KB