Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, “Əməkdar mədəniyyət işçisi” Əntiqə Tağıyevanın 50 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

16.08.2019

Avqust ayının 16-da Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə R. Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, “Əməkdar mədəniyyət işçisi”, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı laureatı Əntiqə Tağıyevanın 50 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.  Masallı Rayon Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəsi Lətifə Mövsümova, rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil Ismayilov, rayon Mərkəzi Kitabxanasının direktoru Ələddin Nəzərov, İdarədə və tabe müəsissələrdə çalışan əməkdaşlar, mədəniyyət işçiləri, yubilyarın doğmaları və yaxınları iştirak edirdi.

Yubiley tədbirində çıxış edən İdarə rəisi L.Mövsümova əvvəlcə yubilyarı təbrik edib, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu etdi. Sonra o, Ə. Tağıyevanın mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyəti haqqında danışdı. Qeyd edildi ki, Ə. Tağıyeva həm muzey direktoru, həm də ictimai fəal vətəndaş kimi yerli və milli əhəmiyyətli mədəni dəyərlərin qorunması, inkişafı, tanıdılması və təbliği istiqamətində böyük xidmətlər göstərmişdir. Ə. Tağıyevanın mədəniyyət sahəsindəki səmərəli fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ildə Ə. Tağıyevaya “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmiş, cari ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.

Mədəniyyət Mərkəzinin direktoru V. İsmayılov yubilyarın peşəkar keyfiyyətləri haqqında danışdı. Bildirildi ki, Ə. Tağıyeva muzeyşünaslıq və muzey işinin təşkili sahəsində respublika miqyasında tanınan mütəxəssislərdən sayılır. Uğurlu və peşəkar fəaliyyəti ilə təkcə rayonda deyil, bütövlükdə regionda tarixi-mədəni sərvət və dəyərlərin mühafizəsində rol oynamış, mədəni dəyərlərin insanlara, o cümlədən yeniyetmə və gənclərə tanıdılmasında böyük əmək sərf etmişdir.

Mərkəzi Kitabxananın direktoru Ələddin Nəzərov isə çıxışında bildirdi ki, Ə. Tağıyevanın müəssisə rəhbəri və mədəniyyət işçisi kimi məqsədyönlü və uğurlu fəaliyyəti, əldə etdiyi nailiyyətlər hamımızı sevindirir. O, yubilyara can sağlığı, həyat və gələcək fəaliyyətlərində uğurlar arzu etdi.

Digər çıxış edənlər də yubilyarı təbrik edib, ürək sözlərini bildirdilər.

Sonra tədbirin bədii hissəsinə start verildi. Regionda tanınan və sevilən incəsənət ustaları, Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahid və Miriş Hüseynovun şux və bayram ovqatlı musiqi nömrələri tədbirə əlavə rəng qatdı.

Yubiley tədbirinin sonunda çıxış edən Ə. Tağıyeva verilən dəyər və göstərilən diqqətə görə başda İdarə rəisi L. Mövsümova olmaqla, İdarənin bütün işçi kollektivinə, mədəniyyət işçilərinə və yaxınlarına dərin minnətdarlığını bildirdi.

Masallı Regional Mədəniyyət İdarəsi olaraq, yubilyarı bir daha təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!

 

74.1 KB

 

84.2 KB

 

107.8 KB