Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallıda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş abituriyentlərlə görüş – tədbir keçirilib.

29.08.2019

Avqust ayının 29-da ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş abituriyentlərlə görüş məqsədilə geniş ictimaiyyətin iştirakı ilə tədbir keçirilib. Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Təhsil Şöbəsi və Masallı Rayon Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil olunmuş tədbir Masallı şəhərinin əsas istirahət guşələrindən olan Heydər Əliyev parkında keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova və digər yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və əməkdaşları, tələbə adını qazanmış gənclər və onların doğmaları, təhsil və mədəniyyət işçiləri, yerli sakinlər və digərləri iştirak edirdi.

Tədbir ümummilli lider Heydər Əliyevin gənclərlə görüşünü əks etdirən videorolikin nümayiş olunması, sonra isə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olundu.

İk çıxış edən rayon Təhsil Şöbəsinin müdiri T. Əkbərov, son illərdə ölkədə təhsil sahəsində aparılan islahatlardan, bu sahədə əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifə və görüləcək işlərdən söz açdı. O, bildirdi ki, ölkə başçısının rəhbərliyi altında təhsilin inkişafı ilə bağlı görülən işlər artıq müsbət nəticələrini verməkdədir. Belə ki, tədris prosesi müasir təlim metodları əsasında aparılır, təhsil infrastrukturu yenilənir, o cümlədən yüksək standartlara cavab verən yeni məktəb binaları müəllim və şagird kollektivlərinin istifadəsinə verilir. Görülmüş bu, və digər tədbirlər ölkə təhsilinin inkişafını şərtləndirmiş, bu, özünü ali məktəblərə keçirilən qəbul imtahanlarında göstərilən yüksək nəticələrlə bir daha öz təsdiqini tapmışdır. Bu baxımdan, Masallı təhsili də istisna deyildir. Belə ki, rayonun təhsil tarixində ilk dəfə olaraq, bu il 25 abituriyent qəbul imtahanlarında yüksək - 600 baldan yuxarı nəticə göstərərək, respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. T. Əkbərov çıxışının sonunda, göstərilən uğurlu nəticələrə görə ölkə və rayon rəhbərliyinə, rayon təhsil ictimaiyyətinə və tələbə adını qazanmış gənclərə təşəkkürünü bildirdi.

Rayon İcra Hakimiyyətinin başçısı R. Hüseynov, əldə olunan uğurlu nəticələrə görə iftixar hissi keçirdiyini, gənclərin nailiyyətlərinə sevindiyini bildirdi. O, əlavə etdi ki, rayonda təhsilin inkişafı üçün son illərdə xeyli işlər görülmüş və bu tədbirlər bundan sonra da davam etdiriləcəkdir. R. Hüseynov Masallı Dövlət Regional Kollecinin rayonda fəaliyyət göstərməsi yerli təhsilin inkişafına əlavə tövhə olduğunu da qeyd etdi. Ümummilli lider H. Əliyevin “Neft kapitalı, insan kapitalına cevrilməlidir” fikrinə toxunan R. Hüseynov, bu gün təhsil sahəsində qazanılan nailiyyətlərlə bunun artıq reallığa çevrildiyini vurğuladı. O, qazanılan uğurlu nəticələrə görə gəncləri təbrik etdi, onlara yeni-yeni nailiyyətlər arzuladı.

“Regional Hüquq və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova isə bir azərbaycanlı olaraq gənclərin əldə etdiyi yüksək nəticələrə görə qürur hissi keçirdiyini dedi. O, gəncləri təbrik etdi və təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə təşəkkürünü bildirdi.

Bu il keçirilmiş ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş Masallıdan olan bir sıra abituriyentlər də çıxış etdi. Gənclər onlara yaradılmış şərait və göstərilən diqqətə görə ölkə və rayon rəhbərliyinə, qazanılan nəticədə bilavasitə iştirak edən müəllimlərə və doğmalarına təşəkkür etdilər.

Çıxışlardan sonra səhnə incəsənət ustalarının ixtiyarına verildi. N. Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin instrumental ifaçılarının müşayiətilə ilk olaraq Mərkəzin solisti, istedadlı müğənni Miriş Hüseynov çıxış etdi. Sonra Mərkəzin digər solistləri, sevilən müğənnilər Şamo İbayev, Ruslan Zahidov, Xalid Hümmətoğlu və paytaxtdan təşrif buyurmuş Nəzakət Veysəlova ifa etdikləri musiqi nömrələri ilə səhnəni bölüşdülər.

İfalardan sonra rayon İcra Hakimiyyətinin başçısı R. Hüseynov və rayon Təhsil Şöbəsinin müdiri T. Əkbərov qəbul imtahanlarında fərqlənən bir sıra gəncləri diplom və qiymətli hədiyyələrlə təltif etdilər.

Tədbirə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəqs kollektivlərindən - “Masallı” rəqs qrupunun ifaları ilə yekun vuruldu.

 

108.1 KB

 

119.2 KB

 

97.2 KB