Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallıda “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə ümumrayon tədbiri keçirilib.

04.10.2019

4 oktyabr tarixində Masallı şəhərində “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə ümumrayon tədbiri keçirilib. Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə rayon rəhbərliyi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə yanaşı, yerli ziyalılar, təhsil və mədəniyyət işçiləri, QHT nümayəndələri, məktəblilər, kollec tələbələri və digərləri iştirak edirdi.

Tədbir təhsil sahəsində əldə olunan nailliyyətlərdən bəhs edən videorolikin nümayiş olunması ilə başlandı.

İlk olaraq Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov çıxış etdi. O, Təhsil sahəsində əldə olunan uğurlardan, təhsil infrastrukturunun yenidən qurulması və maddi-texniki təminat məsələlərindən, respublika və rayon rəhbərliyinin yerli təhsilin inkişafına göstərdikləri diqqət və qayğıdan söz açdı. Qeyd edildi ki, rayonda təhsilin inkişaf dinamikası və göstəriciləri son illərdə xeyli dərəcədə yüksəlmişdir. Bu, şübhəsiz ki, təhsil sahəsində islahatların aparılması, müasir təlim metodlarına əsaslanan keyfiyyətli təhsil sisteminin qurulması, peşəkar pedaqoji kadrların hazırlanması və digər amillərin nəticəsində mümkün olmuşdur. Əlavə olundu ki, rayonun cari ildəki təhsil göstəriciləri xüsusilə yaddaqalan olmuşdur. Belə ki, bu il ali məktəblərə qəbul imtahanlarında rayon təhsil tarixində ilk dəfə olaraq, 25 abituriyent 600 baldan yuxarı nəticə göstərmişdir. Bütün bunlar ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafı istiqamətində görülən işlərin və müəllimlərin əməyinin nəticəsidir. T. Əkbərov bütün təhsil işçilərini, o cümlədən müəllimləri təbrik edib, fəaliyyətlərində uğurlar dilədi.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış etdi. Bildirildi ki, rayonda təhsilin inkişafı istiqamətində mütəmadi olaraq tədbirlər görülür. Belə ki, yüksək standartlara cavab verən yeni məktəb binaları və digər təhsil infrastrukturu inşa olunaraq müəllim və şagird kontingentinin istifadəsinə verilmiş, məktəb binaları kommunal xidmətlər və digər ehtiyaclarla təmin edilmiş və bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcəkdir. Əlavə edildi ki, bütün texniki-maddi amillərlə yanaşı, təhsil sahəsindəki uğurların əsas memarları, yükün ağırlığı və məəsuliyyətini çiyinlərində şərəflə daşıyan müəllimlərdir. Buna görə də, onlar daim cəmiyyətin ön sıralarında olmalı, layiq olduqları dəyər verilməlidir. R. Hüseynov müəllimləri və digər təhsil işçilərini peşə bayramları münasibətilə təbrik edib, işlərində yeni-yeni nailiyyətlər arzu etdi.

Daha sonra müəllimlər, ziyalılar və digərləri çıxış etdilər. Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirildi. N. Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin solisti, istedadlı gənc müğənni Miriş Hüseynovun ifa etdiyi musiqi kompozisiyaları tədbir iştirakçılarının alqışları ilə qarşılandı.

Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin başçısı R. Hüseynov təhsil sahəsində fərqlənən bir sıra müəllimləri Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif etdi.

 

91.7 KB

 

63.9 KB

 

74.4 KB