Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub.

27.11.2019

Noyabrın 27-də Masallı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində görkəmli ədib və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş “Mirzə Cəlil və ədəbi-maarifçi hərəkat” adlı tədbir keçirilib.

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə təşkil olunmuş tədbirdə, muzey və kitabxana əməkdaşları ilə yanaşı, digər mədəniyyət müəssisələrinin işçiləri də iştirak edib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Ələddin Nəzərov, ədibin həyatı və yaradıcılığı haqqında danışıb. O, qeyd edib ki, C. Məmmədquluzadə Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində özünəməxsus yeri və rolu olan görkəmli ədəbi-ictimai xadim olmuşdur. Mirzə Cəlil müəllifi olduğu bədii əsərlərində, eləcə də publisistik yazılarında dövrünün ictimai eybəcərliklərini – xalqın avamlıq və geriliyini, savadsızlığını kəskin satirik üslubla tənqid atəşinə tutmuş, yaşadığı cəmiyyəti tərəqiyyə, maarifə səsləmiş, bu yolda qarşılaşdığı bütün çətinliklərə sinə gərməyə çalışmışdır. Ə. Nəzərov əlavə edib ki, Mirzə Cəlilin əsərlərinin ruhu və təlqin etdiyi ideyalar bu gün də canlıdır və aktualdır.

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva çıxışında ədibin naşirlik və publisistik fəaliyyətindən söz açıb. Qeyd olunub ki, Mirzə Cəlil ədəbi-bədii fəaliyyətlə yanaşı, həm də dövrünün görkəmli mətbuat xadimi və naşiri idi. Ədibin rəhbərliyilə nəşr edilmiş “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda deyil, İran, Türkiyə, Mərkəzi Asiya və digər regionlarda da oxucular tərəfindən rəğbətlə qarşılanmış, mütərəqqi ədəbi-ictimai fikir və ideyaların inkişafına qüvvətli təsir göstərmişdir.

Muzeyin elmi işçisi Həbib Ağayev isə, görkəmli ədibin həyatı və çoxşaxəli yaradıcılığından, o cümlədən ədəbi-bədii, mətbuat və naşirlik fəaliyyətindən bəhs edən mühazirə ilə çıxış edib.

 

21.1 KB

 

40.7 KB

 

36.5 KB