Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallıda20 Yanvarfaciəsinin 30-cu ildönümüilə əlaqədar anım tədbiri keçirilib.

18.01.2020

Yanvarın 18-də Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “Qanlı Yanvar” adlı anım tədbiri keçirilib. Tədbirdə rayon rəhbərliyi, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, idarə və müəssisə işçiləri, ziyalılar, ağsaqqallar, tələbələr və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edib.

Tədbirdən əvvəl 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində ilk çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, 20 Yanvar hadisələrinin törədilmə səbəbləri, faciəyə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi, 20 yanvar faciəsinin müasir tariximizdəki yeri və digər məsələlər haqqında geniş nitqlə çıxış edib. Qeyd olunub ki, XX əsrin sonlarında sovet imperiyasında gedən ictimai-siyasi proseslər müttəfiq respublikalarda milli müstəqillik meyllərinin güclənməsi, xalqların azad və müstəqil yaşamaq uğrunda apardıqları milli azadlıq hərəkatlarının genişlənməsinə gətirib çıxarmışdı. Lakin, sovet rəhbərliyi xalqların müstəqillik arzularını boğmaq, imperiyanın parçalanmasının qarşısını almaq üçün müxtəlif, hətta qanlı üsullardan belə istifadə etməkdən çəkinməmişdir. Bu məqsədlə əvvəlcə Dağlıq Qarabağdakı erməni millətçilərinin separatçı əməllərinə rəvac verilmiş və onlar müxtəlif vasitələrlə birbaşa və dolayı yolla dəstəklənmişdir. Butün bunlara baxmayaraq, baş verənlər respublikalarda milli azadlıq hərəkatlarının daha da güclənməsinə təkan vermiş, proseslər qanlı məcraya doğru istiqamətlənmişdir.1990-cı il yanvar ayında paytaxt Bakı şəhərində və respublikanın bir sıra bölgələrində cərəyan edən hadisələr də məhz bu zəmində baş vermiş, nəticədə yüzlərlə günahsız insanlara divan tutulmuşdur. Belə ki, Sovet rəhbərliyi yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qanunlarını və beynəlxalq normaları kobud şəkildə pozaraq, əhaliyə məlumat vermədən paytaxt Bakıdafövqəladə vəziyyət elan etmiş, bundan sonra sovet ordu birləşmələri Bakı şəhərinə və bölgələrə yeridilmişdir. Qırğınlar zamanı azadlıq və müstəqillik arzusu ilə meydanlara çıxmış xeyli sayda silahsız, dinc insanlar xüsusi amansızlıqla qətlə yetirilib. Faciədən bir gün sonra dahi siyasətçi, görkəmli dövlət xadimi H. Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək törədilmiş qanlı faciəyə görə imperiya rəhbərliyini kəskin ittiham edən bəyanat vermişdir. Ş. Məmmədov onu da vurğuladı ki, H. Əliyevin ölkə rəhbərliyinə ikinci qayıdışına qədər lazımi səviyyədə tədqiq olunmayan 20 Yanvar hadisələrinə məhz xalqımızın böyük oğlu H. Əliyevin təşəbbüsü ilə 1994-cü ildə siyasi-hüquqi qiymət verilmiş, qəbul olunmuş müvafiq qərarda 20 Yanvar faciəsinin təqsirkarları göstərilmişdir. Əlavə olunub ki, törədilmiş qırğınlara, məhrumiyyətlərə baxmayaraq xalqımızın azad və müstəqil yaşamaq əzmini qırmaq mümkün olmamış, xalqın azadlığı və müstəqilliyi uğrunda həyatını itirmiş vətən övladları isə tariximizə yeni, parlaq səhifələr yazmışlar.

Digər çıxış edənlər də 20 Yanvar faciəsinin xalqımızın müasir tarixində xüsusi yeri olduğunu, qanlı hadisələr zamanı həyatını itirmiş şəhidlərin xatirələri qəlblərdə daim yaşayacağını, öz həyatlarını qurban verməklə ilk azadlıq fədailəri olduqları, misilsiz rəşadət və qəhrəmanlıq nümunəsi yaratdıqlarını qeyd ediblər.

Çıxışlardan sonra 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub. Masallı Rayon Xalq Teatrının kollektivi və Masallı Dövlət Regional Kollecin tələbələrinin birgə hazırladıqları “Qanlı Yanvar” adlı kompozisiyada faciə gecəsi baş vermiş hadisələr səhnələşdirilib. Anım tədbiri rayon Mədəniyyət Mərkəzinin foyesində 20 yanvar faciəsinə həsr olunmuş fotosərgiyə baxış keçirməklə yekunlaşıb

 

180.3 KB

 

191.4 KB

 

177 KB