Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Xalq Teatrının sənət kollektivi virtual tamaşa ilə çıxış edib.

29.04.2020

Respublika üzrə bütün mədəniyyət qurum və təsisatları kimi Masallı Regional Mədəniyyət İdarəsi və tabe müəssisələr də xüsusi karantin rejimi dövründə onlayn resurslar vasitəsilə insanlara müxtəlif mədəni xidmətlər göstərir, layihələrlə çıxış edirlər.

Bu baxımdan, aprelin 28-də Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrının virtual tamaşa ilə çıxış etməsi növbəti maraqlı mədəni təqdimatlardan hesab olunmalıdır.

Çoxillik səhnə təcrübəsi və zəngin repertuara malik olan teatr, bu dəfə virtual izləyicilərin görüşünə tanınmış mədəni-ictimai xadim, yazıçı-publisist Nurəddin Ədiloğlunun “Şəhidlər anası” səhnə əsəri ilə gəlib. Teatrın baş rejissoru Cəmaləddin Əliyevin quruluş verdiyi tamaşanın sujet xəttini Qarabağ müharibəsi zamanı övladını itirmiş ananın acı fəryadı, eləcə də əsir alınmasına baxmayaraq düşmən qarşısında məğrur dayanan, milli mənafeləri - vətənini, bayrağını hər şeydən əziz tutan şəhid anasının həyat hekayəsi təşkil edir. Səhnə əsərində şəhid anası övlad və itirilmiş vətən torpağının nisgili ilə yaşasa da, gələcəyə nikbin baxır, bir gün yenidən doğma vətən torpağına qayıdacağını ümid edir.

Təxminən 25 dəqiqə davam edən virtual tamaşada teatrın baş rejissoru, aktyor C. Əliyevlə yanaşı, istedadlı aktyorlar Aybəniz Həsənova və Cavid Quliyev də rol alıb.

Qeyd edək ki, 1970-ci illərdə yaradılan teatr sovet və müstəqillik dönəmlərində respublika üzrə keçirilən bir çox müsabiqələrdə iştirak edib, bir sıra mükafatlara layiq görülüb. Teatrın sənət kollektivi paytaxt Bakı şəhəri də daxil olmaqla, respublikanın bir çox rayonlarında qastrol səfərlərində olub, maraqlı səhnə işləri ilə çıxış ediblər.

Teatrın repertuarına bir sıra dünya klassikləri ilə yanaşı, yerli dramaturqların əsərləri də daxildir. Bu sırada görkəmli maarifçi Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Cəfər Cabbarlı, İlyas Əfəndiyev, Sabit Rəhman, Nurəddin Ədiloğlu və digərlərinin pyeslərini göstərmək olar.

 

107.3 KB

 

131.6 KB

 

127.1 KB