Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Cəlilabadlı səhnə ustaları virtual sənətsevərlərə “Bura vətəndir, gülü bitəndir” adlı tamaşa təqdim ediblər.

30.04.2020

Masallı Regional Mədəniyyət İdarəsi və tabe müəssisələr tərəfindən virtual mədəni təşəbbüslər və təqdimatlar ara verilmədən davam etdirilir. Mədəniyyət layihələrinin ayrılmaz hissəsinə çevrilmiş müxtəlif sənət sahələrindən olan insanlar maraqlı və baxımlı mədəni layihələrlə çıxış edir, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələrinə virtual imkanlar yaradırlar.

Virtual təqdimatlar sırasında regionun teatr kollektivlərinin səhnə işləri xüsusi qeyd olunmalıdır. Bu cəhətdən, Cəlilabad Rayon Xalq Teatrının növbəti tamaşası teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Onlayn vasitələrlə izləyicilərə canlı təqdim olunan tamaşada teatrın baş rejissoru, istedadlı aktyor Buludxan Buludovun müəllifi olduğu “Bura vətəndir, gülü bitəndir” adlı səhnə əsəri oynanılıb.

Aprelin 30-da baş tutan teatr tamaşasında səhnə ustaları torpaq və yurd təəssübü ilə yanaşı, vətənə və dövlətə bağlılıq, azadlıq, müstəqillik kimi milli amalları yüksək bədii ustalıqla izləyicilərə təqdim ediblər.

23 dəqiqə davam edən virtual təqdimatda əsərə quruluş vermiş B. Buludovla yanaşı, teatrın digər istedadlı aktyorları da rol alıblar.

Məlumat üçün bildirək ki, Cəlilabad Rayon Xalq Teatrı 1987-ci ildə yaradılıb. Görkəmli dramaturqlardan Cəfər Cabbarlının, Şıxəli Qurbanovun, Səttar Axundovun və digər ədiblərin əsərlərini uğurla səhnələşdirən sənət kollektivinə xalq teatrı statusu verilib.

Teatrın repertuarında onlarla səhnə əsəri yer alır. Bu sıraya teatr sənətimizin klassikləri olan Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid və digərləri ilə yanaşı, Bəxtiyar Vahabzadə, Asif Həsənli, İman Abdulla, Buludxan Buludov, Samir Buludlu və Əhməd İspərin əsərləri daxildir.

Xalq teatrı respublika üzrə keçirilən bir sıra müsabiqələrdə iştirak edib, müxtəlif dərəcəli mükafatlara layiq görülüb. Belə ki, xalq teatrları festivallarındakı uğurlu çıxışlarına görə teatrın sənət kollektivi Mədəniyyət Nazirliyi tərəfindən kubok və fəxri fərmanlarla mükafatlandırılıb. Bunlarla yanaşı, uğurlu səhnə işlərilə fərqlənən B. Buludov və digər sənət ustaları da mükafatlara layiq görülüb.

Hazırda Cəlilabad Rayon Xalq Teatrının yetirmələrindən Əməkdar artist Şövqi Hüseynov paytaxtın qocaman sənət ocaqlarından olan Dövlət Gənc Tamaşaçılar Teatrında, Anar Buludov isə İrəvan Dövlət Azərbaycan Dram Teatrında fəaliyyət göstərirlər.

Xatırladaq ki, teatr tamaşası sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

 

114.7 KB