Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İstedadlı sənətçi Şamo İbayevin virtual konserti maraqla izlənilib.

02.05.2020

Respublikada xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində Masallı Regional Mədəniyyət İdarəsi və tabe müəssisələrdə çalışan müxtəlif sahələrdən olan sənət adamları canlı konsert proqramları, teatr tamaşaları və bu qəbildən olan digər maraqlı tədbirlərlə çıxış edir, insanların mədəni istirahətinə bədii-musiqili töhfələrini verirlər.

Bəhs olunan mədəni tədbirlər sırasına heç şübhəsiz, Masallı Rayon Onbirillik İncəsənət Məktəbinin müəllimi, eləcə də Masallı Rayon Mədəniyyət Mərkəzinin solisti, xüsusi ifaçılıq istedadı ilə seçilən Şamo İbayevin canlı konsertini də əlavə etmək olar.

Belə ki, may ayının 2-də gənc sənətçi Ş. İbayev canlı virtual konsert proqramı ilə çıxış edib. Rayon Onbirillik İncəsənət Məktəbinin konsert zalında keçirilən musiqi tədbirində sənətçi bir-birindən zövqlü musiqi nömrələrini özünəməxsus ifa texnikası və tərzi ilə virtual musiqi həvəskarlarına təqdim edib. Canlı konsert ərzində ifaçını sözügedən təhsil müəssisəsinin müəllimlərindən ibarət peşəkar musiqiçi ansanblı müşayiət edib. Musiqisevərlər tərəfindən maraqla izlənilən konsert proqramında görkəmli sənət adamlarının repertuarına müraciət edilib.

Məlumat üçün əlavə edək ki, Ş. İbayev rayonun Ərkivan qəsəbəsində ziyalı ailəsində anadan olub. Əvvəlcə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olub. Daha sonra musiqi təhsilini Azərbaycan Milli Konservatoriyasının muğam sinifində davam etdirib. Ş. İbayev adıçəkilən təhsil ocaqlarında görkəmli Azərbaycan sənətkarları, musiqi sənətimizin inkişafında xüsusi rola malik olan Xalq artistləri İslam Rzayev, Ağaxan Abdullayev, Əməkdar artist Nuriyyə Hüseynova və digər tanınmş sənət xadimlərindən muğam dərsləri alıb.

Ş. İbayev sənətçi kimi səhnə fəaliyyətinə hələ gənc yaşlarında rayon mədəniyyət mərkəzinin solisti kimi başlayıb. Bir çox sevilən mahnıların müəllifi olan sənətçi yerli televiziya kanallarında yayımlanan musiqili şou proqramlarda rəhbərlik etdiyi instrumental musiqi ansanblı ilə iştirak edib. Bununla yanaşı, o, bir sıra televiziya musiqi müsabiqələrinin layihə rəhbəri və münsiflər heyətinin üzvü olub, yerli teleseriallar üçün musiqilər ifa edib.

Rusiya, Türkiyə, İran və digər ölkələrdə keçirilən müxtəlif musiqili-mədəni tədbirlərdə iştirak edən Ş. İbayev, sənətlə bərabər, son illər Masallı Rayon Onbirillik İncəsənət Məktəbində müəllim kimi də fəaliyyət göstərir

Xatırladaq ki, konsert proqramı sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

 

279.9 KB

 

293.9 KB

 

195.2 KB