Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tanınmış sənət ustası Atamoğlan Zahid canlı konsert proqramı ilə çıxış edib.

03.05.2020

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ölkəböyü keçirilən müxtəlif mədəniyyət layihələri artıq ənənə halını almaqdadır. Masallı Regional Mədəniyyət İdarəsi də öz növbəsində bu mədəni təşəbbüslərə qoşulub və müxtəlif maraqlı təqdimatlar, yaradıcı layihələrlə çıxış edir, eyni zamanda insanların bədii zövqünü oxşayan mədəni-musiqili tədbirləri davam etdirir.

Bəhs olunan musiqi proqramlarının növbəti qonağı ustad sənətkar, sənətilə təkcə Masallıda deyil, respublikanın əksər bölgələrində tanınan və sevilən Atamoğlan Zahid olub. Masallı Rayon Mədəniyyət Mərkəzinin solisti olan tanınmış sənət adamı, musiqisevərlərə canlı virtual konsert proqramı təqdim edib.

May ayının 3-də rayon mədəniyyət mərkəzinin səhnəsində keçirilən musiqi tədbirində A. Zahid, zövqlü və şux musiqi ifaları ilə virtual izləyicilərə xoş anlar bəxş edib. Özünəməxsus səs tonu və vokal imkanları ilə seçilən sənətçi, ölkəmizin musiqi tarixində iz qoymuş sənətkarların repertuarından sevilən musiqi nömrələri ifa edib. 26 dəqiqə davam etmiş canlı konsert proqramında sənətçini bir sıra tanınmış instrumental musiqi ifaçıları müşayiət ediblər.

Qeyd edək ki, A. Zahid rayonun Öncəqala kəndində tanınmış el sənətkarı, aşıq Atabala Zahidovun ailəsində dünyaya göz açıb. Uşaq yaşlarında ailəsindəki sənət mühitinin təsirilə musiqiyə meyl edib.

30 ildən çox ifaçılıq təcrübəsinə malik olan A. Zahid, peşəkar sənət karyerasına rayon mədəniyyət mərkəzinin səhnəsində başlayıb. O, gənc yaşlarında respublika miqyasında keçirilən bir çox mədəni-kütləvi tədbirlərdə, musiqi müsabiqələrində iştirak edib, müxtəlif mükafatlara, fəxri diplomlara layiq görülüb. Hələ Qarabağ uğrunda gərgin döyüşlərin davam etdiyi dövrlərdə tez-tez cəbhəyanı rayonlara səfərlər edən A. Zahid, əsgərlərə musiqi ifaları ilə mənəvi dəstək olub, onları zəfərə səsləyib.

Müxtəlif musiqi alətlərində məharətlə ifa etməyi bacaran sənətçi, Türkiyə, İran, Rusiya və bir sıra digər post-sovet ölkələrində keçirilən mədəni tədbirlərin iştirakçısı olub, konsert proqramları ilə çıxış edib.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalındakı musiqi töhfələrinə görə Nazirliyin fəxri diplomu ilə təltif edilib.

Xatırladaq ki, konsert proqramı sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

 

171.3 KB

 

292.6 KB

 

233.2 KB