Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Heydər Əliyev Mərkəzində ”18 sentyabr - Milli Musiqi Günü”nə həsr olunmuş videokonfrans təşkil edilib.

18.09.2020

18 sentyabr tarixində Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan musiqi mədəniyyəti milli sərvətimizdir" mövzusunda videokonfrans keçirilmişdir. Videokonfransda Masallı, Neftçala, Qazax, Samux, Kürdəmir, Yevlax, Ağstafa və Qəbələ Rayon Heydər Əliyev Mərkəzlərinin direktorları və gənclər iştirak edirdilər.

Videokonfransı giriş sözü ilə açan Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva onlayn tədbir iştirakçılarını salamladı və çıxışına başladı. D. İbayeva bildirdi ki, bu gün 18 sentyabr - Milli Musiqi Günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Fərman imzalamışdır. Həmin tarixdən etibarən hər il sentyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.

Azərbaycan musiqi mədəniyyəti zəngin və çoxəsrlik tarixə malikdir. Gəmiqaya və Qobustan qayaüstü rəsmləri, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın qədim musiqi mədəniyyəti haqqında zəngin məlumat verir. Hələ XIII əsrdən Azərbaycan musiqisinin nəzəri məsələləri araşdırılmış, musiqimizin səs sistemi, ladları, musiqi alətləri haqqında dəyərli əsərlər yazılmışdır. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bizim gözəl incəsənətimiz, mədəniyyətimiz, bənzərsiz xalq musiqimiz və ondan bəhrələnən, onun əsasında yaranan müasir, peşəkar musiqimiz var. Zənnimcə, peşəkar musiqimiz həm görkəmli bəstəkarlarımızın, həm də mahir ifaçılarımızın ən böyük nailiyyətidir”.

Bu gün zəngin musiqimiz dünyada sevilə-sevilə dinlənilir. Həmçinin ölkəmizdə yüksək pəşəkarlığı, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi də formalaşmışdır. Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasında Üzeyir Hacıbəyovun əvəzsiz xidmətləri olmuşdur. Dahi bəstəkarın yaradıcılığı Azərbaycan musiqisinə dünya şöhrəti qazandırmışdır. Onun zəngin milli və ümumbəşəri duyğuları əks etdirən əsərləri dünyanın müxtəlif ölkələrində ifa olunur, dinlənilir və sevilir. Üzeyir Hacıbəyov təkcə Azərbaycan professional musiqisinin banisi kimi deyil, həm də böyük alim, maarifçi, dramaturq, publisist, pedaqoq, ictimai xadim kimi Azərbaycan tarixində görkəmli yer tutur.

Qədim tarixə malik olan Azərbaycan musiqi sənəti ötən əsrin 70-ci illərində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdə ulu öndər milli musiqimizin böyük simaları olan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Arif Məlikov kimi dünya səviyyəli bəstəkarlarımızın yaradıcılığını yüksək qiymətləndirmiş, Azərbaycan musiqi mədəniyyətinin inkişafına böyük qayğı göstərmişdir. Korifey sənətkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov bu dövrdə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşlər. Ümummilli liderimiz ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da Azərbaycan musiqisinin inkişafına böyük qayğı göstərmiş, ixtisaslı musiqiçi kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir.

Bu gün ölkəmizdə musiqi sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Hər il ölkəmizdə yeni musiqi məktəbləri inşa olunur, konsert salonları təmir edilir və yenidən qurulur, maddi-texniki bazaları gücləndirilir, milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində uğurlu layihələr həyata keçirilir. Son illər beynəlxalq səviyyəli musiqi festivallarının keçirilməsi ölkəmizdə musiqi mədəniyyətinin inkişafından xəbər verir. “Qarabağ xanəndələri” albomunun, “Üzeyir Hacıbəyov Ensiklopediyası”nın və “Muğam Ensiklopediyası”nın nəşr olunması Azərbaycan muğamının, aşıq sənətinin, tar ifaçılığı sənətinin, kamançanın YUNESKO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısı”na daxil edilməsi isə qədim musiqi mədəniyyətimizə verilən qiymətin daha bir ifadəsidir.

Konfransda Neftçala, Qazax, Kürdəmir, Yevlax, Samux Heydər Əliyev Mərkəzlərinin direktorları mövzu ilə bağlı ətraflı çıxış edərək, Azərbaycan milli musiqisinin zənginliyi və dahi bəstəkar Ü. Hacıbəyovun həyat və yaradıcılığı haqqında fikirlər səsləndirdilər.

 

22.4 KB

 

32.1 KB

 

18.5 KB