Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Regional Mədəniyyət İdarəsinin müəssisələrin fəaliyyətinə həsr olunmuş geniştərkibli onlayn iclası keçirilib.

25.09.2020

Sentyabrın 25-də Masallı Regional Mədəniyyət İdarəsinin ötən həftə ərzində görülmüş işlərin, həmçinin qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş onlayn iclası keçirilib. Videokonfrans formatında təşkil edilmiş iclasda regional mədəniyyət idarəsinin rəisi, Aparat əməkdaşları və idarənin əhatə etdiyi rayonlardakı iri mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Videokonfransda idarə rəisi Lətifə Mövsümova mədəniyyət müəssisələrinin ötən həftəki fəaliyyətini bir neçə istiqamət üzrə təhlil edib. Bildirilib ki, pandemiya şəraitinin davam etdiyi müddət ərzində müəssisələr fəaliyyətlərini onlayn qaydada davam etdirməlidirlər. Bu sırada videoçarxların və digər videomaterialların hazırlanması, onlayn tədbirlərin keçirilməsi göstərilə bilər. O, videomateriallardakı keyfiyyət faktoruna, habelə mövzu müxtəlifliyinə də diqqət edilməsini vacib hesab edib. İdarə rəisi Məhərrəm ayı ilə əlaqədar hazırda onlayn musiqili-mədəni tədbirlərin müvəqqəti olaraq dayandırıldığını, lakin zərurət yaranarsa, bu kimi tədbirlərin yenidən keçiriləcəyini qeyd edib.

L. Mövsümova müəssisələr tərəfindən bugünədək hazırlanmış videoçarxların müxtəlif elektron yaddaş qurğularında arxivləşdirilməsi barədə müəssisə rəhbərlərinə tapşırıqlar verib. Bildirilib ki, arxivləşdiriləcək materiallar əsasında yaxın gələcəkdə hesabat hazırlanacaq.

İdarə rəisi aztəminatlı keçmiş mədəniyyət işçilərinə və digər vətəndaşlara ərzaq sovqatlarının aparılması məsələsinə də münasibət bildirib. Qeyd olunub ki, mədəniyyət müəssisələrilə yanaşı, mədəniyyət sahəsi üzrə yerli həmkarlar təşkilatları da sosial dəstək tədbirlərində fəal surətdə iştirak etməli, sovqatların təmin olunmasına töhfə verməlidir.

Rəis L. Mövsümova müəssisə binalarının dezinfeksiya olunması ilə bağlı görülmüş işlərlə də maraqlanıb. O, infeksiya təhlükəsinin davam etdiyi müddətdə müəssisələrdə qabaqlayıcı tədbirlərin davam etdirilməsinin, həmçinin işçi heyətinin sanitar-gigiyenik qaydalara ciddi əməl etməsinin zəruri olduğunu rəhbərlərin nəzərinə çatdırıb.

Regional mədəniyyət idarəsinin rəis müavini Gündüz Mürsəlov ötən və cari həftə ərzində müəssisələr tərəfindən görülmüş işlərlə bağlı bəzi statistik göstəriciləri açıqlayıb. O, videoçarxların hazırlanması, verilmiş tapşırıqların vaxtında icra olunması və digər məsələlərdə fərqlənən bir sıra fəal müəssisələrin adlarını sadalayıb.

İdarənin əməkdaşları Dadaş Muxtarlı və Miriş Hüseynov musiqi və incəsənət məktəblərində yeni dərs ilində infeksiya təhlükəsilə əlaqədar tətbiq olunacaq bir sıra yeni qaydalar barədə danışıblar. Bildirilib ki, təhsil müəssisələri mövcud vəziyyətlə əlaqədar idarə tərəfindən verilmiş müvafiq əmr və hazırlanmış Tədbirlər Planında göstərilmiş müddəalar əsasında fəaliyyət göstərməlidir. Əlavə olunub ki, adıçəkilən sənədlərdə qeyd olunan məqamlarla yanaşı, ehtiyat tədbiri kimi bütün təhsil müəssisələrində karantin kabinetləri də yaradılmalıdır.

İdarənin baş məsləhətçisi, Yardımlı rayonu üzrə nümayəndə Ayaz Əliyev son vaxtlar rayonda fəaliyyət göstərən bir neçə müəssisənin fəaliyyətində müsbət irəliləyişlərin olduğunu deyib. A. Əliyev videomaterialların hazırlanmasında qənaətbəxş nəticələrin əldə olunduğunu, lakin keyfiyyət göstəriciləri ilə bağlı hələ də müəyyən problemlərin qaldığını bildirib.

İdarənin əməkdaşı, Cəlilabad rayonu üzrə nümayəndə əvəzi Elnur Atakişiyev isə verilən bütün tapşırıqlara müəssisələr tərəfindən əməl olunduğunu deyib. Belə ki, o, videoçarxların hazırlanması, müəssisələrin dezinfeksiyası və aztəminatlı ailələrə ərzaq sovqatlarının aparılması ilə bağlı işlərin ötən və bu həftə ərzində də davam etdirildiyini diqqətə çatdırıb.

İdarə rəhbərliyinin tapşırıq və tövsiyələrindən, suallara cavabların verilməsindən sonra onlayn iclas öz işini yekunlaşdırıb.

 

57.9 KB

 

52.4 KB