Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Region haqqında
Coğrafi mövqeyi

Cəlilabad

Cəlilabad rayonu relyefinə görə Aran-düzənlik ( Muğan düzünün cənubu və Lənkəran ovalığının bir hissəsi) və alçaq dağlıqdır (Rayonun şərq və cənub-şərqində Buravar silsiləsinin şimal-qərb hissəsi). Ən hündür nöqtəsi 1000 metrə qədər, şərq hissədə bəzi yerləri okean səviyyəsindən aşağıdır. Antropagen, dağlıq hissədə paleogen və neogen çöküntüləri yayılmışdır.

Əsasən yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur qışda 1-3 dərəcə -selsi, yayda 25-30 dərəcə-selsi, aktiv temperaturun miqdarı 4000-4500 dərəcə-selsidir. İllik yağıntılar 400-600 mm təşkil edir.

Çayların ən böyüyü İran İslam Respublikası ilə sərhəddə yerləşən Balharıçayıdır. Bundan əlavə, Həməşəra, İncəçay, Mişarçay kimi müvəqqəti xarakterli çaylar vardır.

Torpaq tipləri aran hissədə allevual-çəmən, şabalıdı, dağətəyi zonada şabalıdı, qəhvəyi, dağ-meşə torpaqlarıdır. Yarımsəhra,çöl, dağ kserofil bitkiləri və sair inkişaf etmişdir. Rayonun 17,1 min hektar və ya 11 faiz ərazisi meşə sahələri ilə örtülüdür. Meşələrin 50 faizi şabalıd yarpaq palıd, 16,5 faizi vələs, 6,5 faizi fıstıq, qalan hissəsi ağçaqayın, azad, dəmirağac və sair bitkilərdən təşkil olunmuşdur. Torpaqqoruyucu və sunizamlayıcı roluna görə birinci qrupa aid edilən meşələrin doluluq səviyyəsi 0,4-0,5, məhsuldarlığı IV-V banitet arasındadır.

Rayonda heyvanlardan dovşan, qaban, porsuq, canavar, çaqqal, tülkü, qunduz və başqaları, quşlardan qartal, bəzgək, dovdaq, torağay, turac, ördək,qaz, qaşqaldaq, qırqovul, leylək və başqaları yaşayır. Rayonun dağlıq ərazisində nadir bitki- xarıbülbül bitir.

Təbii ehtiyatlardan neftli-qazlı sahə, əhəng, gil, qum və tikinti daşı yataqları mövcuddur.