Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayonunun məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarına yola düşüblər

26.03.2018

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Masallı rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxıblar.
       26 mart 2018-ci il tarixdə səhər saatlarında şagirdlər yola düşməzdən öncə ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzin qarşısına toplaşıblar.
Rayon ictimaiyyəti nümayəndələrinin, valideyn və müəllimlərin iştirak etdiyi yolasalma mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, tur-aksiya yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin hər guşəsinin tanıdılmasında böyük rol oynayır. Bu, həm də prezident cənab İlham Əliyevin, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gənc və yeniyetmələrə qayğısının əyani təzahürüdür.

      Mərasimdə respublikamızda gənc nəslin təlim-tərbiyəsi istiqamətində görülən işlərdən də danışılıb. Qeyd olunub ki, ekskursiya çərçivəsində şagirdlər Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, tarixi, mədəni abidələr, yeni və müasir binalar, qoruqlar, park və xiyabanlar, turizm məkanları ilə yaxından tanış olacaq, musiqili-əyləncəli proqramlarda iştirak edəcəklər.
Bir neçə gün davam edəcək tur-aksiyanı 40 şagird və 5 nəzarətçi müəllim, bir həkim müşayiət edəcək. Məktəblilər şən musiqi sədaları altında xüsusi avtobusla yola salınıblar.