Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ”Gender bərabərliyi və qadın hüquqları” mövzusunda videokonfrans keçirilib.

17.08.2020

17 avqust 2020-ci il tarixində Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Masallı Qadın Resurs Mərkəzinin, Mahmudavar kənd tam orta məktəbi, Dəmirçi kənd tam orta məktəbi, Cəlilabad Rayon Heydər Əliyev Mərkəzi, Sumqayıt Regional Mədəniyyət İdarəsi Zəngilan rayon Bartaz kənd Uşaq Musiqi Məktəbi, eyni zamanda Bakı şəhərindən olan könüllü gənclərin iştirakı ilə "Gender bərabərliyi və qadın hüquqları" mövzusunda onlayn videokonfrans keçirilib.

Videokonfransda ilk öncə rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva onlayn tədbir iştirakçılarını salamlayıb. Sonra D. İbayeva mövzu ilə bağlı geniş çıxış edib. O, bildirib ki, dünyada dəyərlər də çoxdur, bu dəyərləri ifadə edən anlayışlar da, amma heç bir anlayış qadın sözünün ifadə etdiyi dəyərləri öz məzmununda mərkəzləşdirmək imkanında deyildir. Hansı dildə yazılmasından asılı olmayaraq, qadın sözü Tanrının insanlara bəxş etdiyi ən ali keyfiyyətlərin ifadəsidir. Azərbaycan qadını mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilib, xalqın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Bu gün də dünyanın hər yerində qadın hüquqlarının təmin olunması uğrunda hərəkat genişlənib. Tarixən olduğu kimi, müasir dövrdə də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə və beynəlxalq münasibətlərdə yeni uğurların əldə olunmasında kişilərlə yanaşı, qadınlarımız da yüksək təşəbbüskarlıq və fəallıq göstərirlər. Cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar müstəqil respublikamızın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. D. İbayeva onu da qeyd edib ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda qadınlar layiq olduqları uca mövqelərə yüksəlmişlər. Ulu öndər H. Əliyev Azərbaycan qadınının müsbət keyfiyyətlərini daim xüsusi vurğulamış, onun cəmiyyətdə layiqli yer tutmasına çalışmışdır.

Daha sonra mövzu ətrafında digər natiqlər tərəfindən çıxışlar edilib. Masallı Qadın Resur Mərkəzinin direktoru Nərgiz Muxtarova, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Mahmudavar kənd tam orta məktəbin direktoru Xanım Əliyeva öz çıxışlarında bildirmişlər ki, qadın və kişilərin sosial vəziyyətindəki fərqlər, onların hüquqlarının bərabər olmaması, əsrlər boyu yanlış olaraq bioloji səbəblərlə izah edilib. Halbuki, gender bərabərliyi - qadın və kişilər arasında bərabərliyə deyilir və aşağıdakıları nəzərdə tutur: bərabər maddi rifah; bərabər imkanlar; dəyərlərin oxşar sistemi; qərarların qəbul edilməsi prosesində bərabərhüquqlu iştirak; resurslara və qazanclara bərabərhüquqlu nəzarət. Gender bərabərliyi dedikdə, heç də kişi və qadının eyni cür davranışı nəzərə alınmır. Sadəcə, insanın kişi və ya qadın doğulmasından asılı olmayaraq, bərabər hüquqa malik olması önə çəkilir. Gender bərabərliyi olan cəmiyyət - qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir.

Onlayn tədbir ümummilli Lider Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi dəyərli kəlamların xatırlanması ilə yekunlaşıb: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır".

 

27.1 KB