Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi region üzrə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.

08.05.2021


Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov müəssisələrin fəaliyyəti ilə daha yaxından tanış olmaq məqsədilə rayonlara səfərlər edib. İdarə rəisi bu məqsədlə əlaqədar, 5 və 6 may tarixlərində əvvəlcə Masallı rayonunda fəaliyyət göstərən mərkəzi mədəniyyət müəssisələri ilə tanış olub. Mayın 7 və 8-də isə müvafiq olaraq Cəlilabad və Yardımlı rayonlarına səfərlər edib. Rayonlara səfərləri zamanı rəisi müəssisə rəhbərləri və digər yerli mədəniyyət işçiləri müşayiət ediblər. B. Qılıncov müəssisələrlə ümumi tanışlıqdan sonra rəhbərlər və əməkdaşlarla görüşlər keçirib.
İdarə rəisi B. Qılıncov rəhbərlərlə Masallıda keçirdiyi iclası zamanı toxunduğu məsələləri, cari vəzifələrlə bağlı səsləndirdiyi fikirləri bir daha onlara xatırladıb. Bildirilib ki, aparılar islahatlar məzmun yenilikləri ilə yanaşı, mövcud struktur quruluşu və kadr dəyişikliklərini də əhatə edəcək. Bunu nəzərə alaraq, rəhbərlər öz vəzifə öhdəliklərinin icrası zamanı daha məsuliyyətli olmalı, tapşırıqlara vicdanla əməl etməlidirlər.
Sonra rəis B. Qılıncov müəssisələrin fəaliyyəti ilə bağlı rəhbərlərə bir sıra əlavə tapşırıqlar verib. O, uşaq musiqi və incəsənət məktəbləri müdavimlərinin beynəlxalq musiqi müsabiqələrində və festivallarda iştirakının vacibliyini xüsusi qeyd edib. Rəis tarix-diyarşünaslıq muzeylərini ziyarəti zamanı eksponat fondunun elektron variantının yaradılması və yaddaş qurğularında qorunmasını tövsiyə edib. Əlavə edib ki, mədəniyyətin təbliği məqsədilə gələcəkdə eksponatları əks etdirən elektron yaddaş daşıyıcılarının turistlərə təqdim edilməsi məqsədəmüvafiq olardı. B. Qılıncov Heydər Əliyev mərkəzləri, mərkəzi kitabxanalar, mədəniyyət mərkəzi və qalereyaların işi ilə də tanış olub, nöqsanlar və çatışmazlıqlarla bağlı göstərişlərini verib, onların qısa zaman ərzində həll edilməsinin zəruri olduğunu vurğulayıb. Bununla yanaşı, idarə rəisi yerlərdəki ziyarətləri zamanı müəssisələrin lazımi inventarla təminatı, iş otaqlarının vəziyyəti, təmirə ehtiyacı olan müəssisə binaları, infeksiya təhlükəsinə qarşı profilaktik tədbirlər, onlayn mədəniyyət tədbirləri və digər məsələlərlə də maraqlanıb.
İdarə rəisinin Yardımlı rayonuna səfəri çərçivəsində şəhid ailələri də ziyarət olunub. Belə ki, rəis əvvəlcə rayon mərkəzində şəhid Cavid Əlikömək oğlu Sarhatov və Şamil Aqil oğlu Mirzəyevin ailəsinə baş çəkib. B. Qılıncov daha sonra rayonun Bilnə kəndində Əli Nuru oğlu Rzalının ailəsinin qonağı olub. İdarə rəisi ziyarətlər əsnasında ailələrin qayğıları və ehtiyacları ilə maraqlanıb, lazımi köməkliklərin göstərilməsi ilə bağlı tapşırıqlar verib.