Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Elmir Akifzadəyə həsr olunmuş ”Kövrələn buludlar” adlı virtual tamaşa izləyicilərə təqdim olunub.

21.05.2021

Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı şəhidlərin xatirəsinə həsr etdiyi silsilə virtual kompozisiyalarını davam etdirir. Teatr kollektivinin budəfəki səhnə işi Vətən müharibəsində şücaət göstərərək şəhidlik mərtəbəsinə ucalmış Elmir Akifzadənin unudulmaz xatirəsinə ithaf olunub. Tanınmış yazıçı-publisist Nurəddin Ədiloğlunun şəhidlə bağlı dövrü mətbuatda dərc edilmiş yazıları əsasında hazırlanan "Kövrələn buludlar" adlı tamaşa-kompozisiyada mədəniyyət işçiləri və kollec tələbələri rol alıblar.

 

       Masallı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə izləyiciləri salamlayandan və şəhidlərlə bağlı bugünədək səhnələşdirilmiş kompozisiyalar barədəki açılış nitqindən sonra şəhidin xatirəsi sükutla anılıb. Daha sonra aktyorlar səhnəyə dəvət edilib.

 

       Tamaşa baba və nəvələrin dialoqu ilə başlayıb. Sevimli nəvəsini döyüşlərdə itirmiş babanın nalə və iztirabları kövrək duyğularla virtual izləyicilərə təqdim edilib. Bununla bərabər, şəhidlik zirvəsi və vətən sevgisini ifadə edən şeir kompozisiyaları səsləndirilib. İstedadlı müğənni Miriş Hüseynov isə şəhid Elmir Akifzadəyə həsr etdiyi musiqi parçasını həzin notlarla ifa edib.

 

       Virtual səhnə tədbirindən sonra Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhidin valideynləri ilə görüşüb, igid vətən övladının ruhuna ehtiramını ifadə edib.

 

       Sonda tamaşalardakı ifalarına görə bir sıra tələbələr və mədəniyyət işçisi Cənubunsəsi.az xəbər portalının "Fəxri Fərman"ı ilə təltif edilib.

Rejissor Cəmaləddin Əliyevin quruluş verdiyi tamaşa-kompozisiya sosial şəbəkələr vasitəsilə canlı nümayiş olunub.

 

Video material Kövrələn buludlar-Miriş Hüseynov