Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəhid Famil Əlizadəyə həsr olunmuş “Arzuma çatdım...” sənədli filminin təqdimatı keçirilib.

08.06.2021


İyun ayının 8-də Vətən müharibəsində igidlik göstərərək şəhidlik mərtəbəsinə yüksəlmiş Famil Habil oğlu Əlizadənin xatirəsinə ithaf olunmuş “Arzuma çatdım...” sənədli filminin təqdimat mərasimi keçirilib. Rayon Mədəniyyət Mərkəzində təşkil edilmiş mərasimdə Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, şəhidin doğmaları, yerli ziyalılar və filmin yaradıcı heyəti iştirak edib.
Mərasim ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirin aparıcısı şəhidin həyatı və şücaətli döyüş yolu, eləcə də müqəddəs şəhidlik zirvəsi barədə çıxışından sonra sənədli filmə baxış keçirilib. Filmdə şəhidin doğmaları, məktəb müəllimləri, dünyaya göz açdığı Ərkivan qəsəbə sakinləri, ziyalılar və digərləri şəhid Famil Əlizadə ilə bağlı xatirələrini bölüşüb, şəhidin döyüşlərdə göstərdiyi igidliklərdən bəhs ediblər.
Filmin nümayişindən sonra İdarə rəisi Bəxtiyar Qılıncov mərasimdə çıxış edib. Rəis vətən uğrunda həyatını fəda etmiş bütün şəhidlərə Allahdan rəhmət diləyib. O, uzun zaman ərzində düşmən işğalı altında qalmış vətən torpaqlarının Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, mətin, rəşadətli əsgər və zabitlərimizin canı-qanı hesabına azad edildiyini vurğulayıb. Rəis vətəni canından əziz tutmuş Famil Əlizadə və onun timsalında bütün şəhidlərimizlə xalqımızın qürur duyduğunu, Familtək qəhrəman övladlar böyüdən bütün valideynlərə dərin ehtiram göstərildiyini bildirib. İdarə rəisi sonda filmin yaradıcı heyətinə, o cümlədən “Nur” videostudiyası rəhbərliyi və digər əməyi keçənlərə təşəkkür edib.
Şəhidin atası Habil Əlizadə verilən dəyərə və diqqətə görə rəis Bəxtiyar Qılıncova ailəsi adından minnətdarlıq ifadə edib.
Qeyd edək ki, “Nur” videostudiyası və rayon Mədəniyyət Mərkəzinin birgə layihəsi olan sənədli filmin ssenari müəllifi və quruluşçu rejissoru Faiq Mirzə, operatoru Elsevər Əliyev, səs operatoru Mərhəmət Lələyevdir.
 

 

33.6 KB

 

38.4 KB

 

59.7 KB