Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycanın mədəniyyəti və turizm potensialı təbliğ edilir: “Doğma Vətən” layihəsinə start verildi

28.02.2018

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İş planına müvafiq olaraq kütləvi kitabxanaların iştirakı ilə təhsil müəssisələrində Azərbaycanın mədəniyyətini və turizm potensialını təbliğ edən sərgilər və maraqlı tədbirlər həyata keçirilir.

Cari ilin fevral ayının 28-də Mədəniyyət və Turizm Nazirliyi və T.İsmayılov adına 6 №-li məktəb-liseyin təşkil etdiyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məktəbin məzunu olmasının 40 illiyinə həsr olunan “Doğma Vətən” layihəsinin təntənəli açılış mərasimi keçirildi.

“Doğma Vətən” layihəsinin əsas məqsədi məktəblilər arasında ölkəmizin müxtəlif guşələrinin daha yaxından tanıtmaq, şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini, turizm potensialını təbliğ etmək və məktəb-liseyin şagirdlərinin regionlarda fəaliyyət göstərən mədəniyyət obyektlərinə səfərini təşkil etməkdir.

Tədbirdə giriş sözü ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova  çıxış etdi.

Tədbir “Masallı” videoçarxının nümayişi ilə başlandı.

 “Doğma Vətən” layihəsinin açılış mərasimində Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələri vasitəsilə Masallı rayonunun tarixi, mədəniyyəti, turizm potensialı, adət-ənənələri, folkloru, mətbəx nümunələri, habelə təbiət və mədəniyyət abidələrinin maketləri nümayiş etdirildi və aktual mövzular üzrə xüsusi kitab sərgisi təşkil olundu. Tədbirdə “Masallı” ansamblının müşayiəti ilə Miriş Hüseynov (“Kirpiklərin oxdur”, “Bakı”), Aysel Nərimanova ingilis dilində mahnılar ifa etdilər. “Halay” xalq folklor kollektivi “Lolo” folklor rəqsini və “Dilşadi” xalq rəqsini, oğlanlardan ibarət “Bizim Masallı” rəqs kollektivi isə maraqlı rəqs nömrəsi ilə çıxış etdilər.

Şagirdləri mütaliəyə təşviq etmək və yeni kitablar haqqında məlumatlandırmaq üçün Masallı rayon Mərkəzi Kitabxanası tərəfindən məktəbin foyesində maraqlı kitab sərgisi təşkil olunmuşdur.

Bundan başqa, məktəbin foyesində şagirdlər üçün dulusçuluq, əl işləri, ağac üzərində oyma, sandıq, rəsm əsərləri, həsir məmulatları nümayiş etdirildi. Həmçinin Masallı rayonunun özünəməxsus mətbəxinin ləziz təamları (balıq, quş və cücə ləvəngisi, çığırtma, ənənəvi plov, lobya plovu, fisincan və səbzi) təqdim olundu.

Masallı rayonundan tədbirə təşrif buyurmuş qonaqlara ərməğan etmək üçün 6 №-li məktəb-liseyin şagirdləri Aysu Usubova “Sarı gəlin” xalq mahnısını, Səidə İmanova isə bəstəkar mahnısını ifa etdilər.

Tədbirin sonunda məktəb-liseyin direktoru, Əməkdar müəllim, Gülşən Orucova qonaqlara dərin təşəkkürünü bildirdi, incəsənət ustalarını məktəbin Fəxri Fərmanı ilə təltif etdi.

Masallı Regional Mədəniyyət və Turizm İdarəsi 6 №-li məktəb-liseyə Masallı rayonu ilə bağlı çoxlu sayda hədiyyələr bağışladı.

6 №-li məktəb-lisey ilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki kitabxanalar arasında işgüzar münasibətlər və sıx əməkdaşlıq mövcuddur. Məktəb və kütləvi kitabxanalar arasındakı mövcud münasibətlər məhz bu tədbirlərin fonunda yeni müstəvidə davam etdiriləcəkdir.

 

82.8 KB

 

115.7 KB

 

144.6 KB