Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidlərinə həsr olunmuş növbəti tədbir keçirilib.

23.09.2021

Sentyabrın 23-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidlərinə həsr olunmuş növbəti tədbir keçirilib. Tədbirdə şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, mədəniyyət işçiləri, gənclər və digərləri iştirak edib.

Tədbirə başlamazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva Vətən müharibəsinin başlanmasının ildönümü, ötən dövr ərzində şəhid ailələri və müharibə iştirakçılarına göstərilən qayğı və bu sahədə görülən digər işlərdən danışıb. Həmçinin o, müharibəyəqədərki dövrdə ölkəmizin münaqişənin ədalətli, beynəlxalq hüquq prinsipləri çərçivəsində tənzimlənməsinə göstərdiyi səylər, ölkə Prezidentinin bir neçə il öncə Valday konfransındakı qətiyyətli çıxışlarından bəhs edib.

Masallı Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı, Vətən müharibəsi iştirakçısı Nurlan Muradov çalışdığı şöbənin fəaliyyəti, eləcə də bugünədək şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı görülmüş sosial tədbirlər barədə məlumat verib. O, eyni zamanda, müharibə iştirakçısı kimi şəxsi döyüş təcrübəsi və müşahidələrindən də söhbət açıb.

Birinci Qarabağ Müharibəsi iştirakçısı Nahid Rəhimov Masallıdan olan əsgərlərin döyüşlərdə göstərdikləri igidlikdən, həmçinin böyük coşğu ilə döyüşlərə qatılan könüllü gənclərin yüksək vətənpərvərlik duyğularından qürur hissi ilə bəhs edib.

Digər çıxış edənlər ordumuzun döyüşlərdə göstərdiyi şücaət, ictimaiyyətin şəhid ailələri və müharibə iştirakçılarına olan həssas münasibəti və göstərilən diqqətdən danışıblar.